"Kəpəz" yoxlama oyununda "Qəbələ"yə uduzub. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov klubun saytına açıqlamasında 1:2 hesabıyla bitən matçı şərh edib:

 

"Premyer Liqaya hazırlıq dövrünün ilk mərhələsinin yekununda "Qəbələ" ilə yoxlama oyunu keçirdik. Qarşılaşmanın birinci hissəsində əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar.

 

Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsədimiz oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir. Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyacımız var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq.

 

İkinci hissədə isə gənc futbolçulara, Akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdı. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar".