Ötən mövsüm "Turan Tovuz"un heyətində özünü yaxşı tərəfdən göstərənlərdən legionerdən biri də Belajdi Pusi oldu. Amma mövsüm bitəndən sonra albaniyalı legioner "boz qurd"u "Şamaxı"ya dəyişdi.  Hücumçu Sport24.az-a müsahibəsində yeni kluba keçidindən danışmaqla yanaşı, yeni mövsümlə bağlı fikirlərini bölüşüb.

 

- Başqa təkliflərin yox idi? Niyə məhz "Şamaxı"nı seçdin?
- Əlbəttə ki, təkliflərim var idi. Sadəcə, "Şamaxı"nın təklifi mənə daha maraqlı gəldi, karyeramda yeni səhifə açmaq istəyirəm. Bu klub yenidən elitaya dönüb. elitaya geridönüş etdi. Həmçinin "Şamaxı"da tanış baş məşqçinin rəhbərliyi altında çıxış edəcəm. Fikrimcə, yeni komandaya keçidim hərtərəfli düşərli olacaq.

 

- Təlim-məşq prossesi necə gedir?
- Toplanış bəlli plan üzrə gedir. Hər gün daha yaxşı olmağa çalışırıq. Hesab edirəm ki, çempionatın startına kimi tam formaya düşəcəyik.

 

- Yeni mövsümdə "Şamaxı"nın qarşısına hansı məqsəd qoyulub?
- Elitaya dönən komanda adından söz etdirmək istəyir. Yeni "futbol ili"ndə əzmkar komanda olaraq bütün rəqiblərə başağrı yaratmaq istəyirik. Təbii ki, imkan daxilində turnir cədvəlinin üst pillələrində qərarlaşmağı planlaşdırırıq.

 

- Ayxan Abbasov rəhbərliyi altında oynamısan, onu baş məşqçi kimi necə xarakterizə edərdin?
- Ayxan müəllim işini bilən, özünəməxsus futbol fəlsəfəsi olan mütəxəssisdi. Futbolçularla dil tapa, komandaya motivasiya verməyi bacaran məşqçidi. Fikrimcə, qısa müddətdə onun "Şamaxı"dakı futbol strategiyasını hamı bəyənəcək. Ayxan Abbasov kimi məşqçinin sərəncamında olmaq və rəhbərliyi altında futbol oynmağı xoşbəxtlik hesab edirəm.

ABDULLA İSMAYILOĞLU