"Mövsümün ikinci yarısına hazırlıq prosesi yaxşı keçdi. Yanvarın 4-dən məşqlərimizi bərpa etmişdik. Bu arada 5 yoldaşlıq görüşü keçirtdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Baku Sportinq"in baş məşqçisi Röyal Nəcəfov deyib.

Gənc mütəxəssis futbolçuların fiziki, psixoloji və texniki cəhətdən matçlara hazırlamağa çalışdıqlarını söyləyib:

"İstər məşqlər də, istərsə də, yoldaşlıq görüşlərində bunlara qismən də olsa, nail olduq. Reallığı qəbul etməliyik ki, nə qədər məşq və yoldaşlıq görüşləri olsa da, çempionatın oyunları ağır olur".

Onun sözlərinə görə, qış fasiləsindən sonra istənilən rəqibə qarşı matç ağır keçir:

 

"Nəzərə almalıyıq ki, rəqibimiz liqanın lideri "Şəfa"dır. "Şəfa"nın məğlubiyyətsiz oyunlar seriyasına son qoymağa çalışacağıq. Hədəfimiz hər matça yaxşı hazırlaşmaqdır. Bacardığımız qədər yüksək pillədə qərarlaşmaq istəyirik".

Qeyd edək ki, "Baku Sportinq" 25 xalla Birinci Liqada ikinci pillədə qərarlaşıb.