"Sumqayıt"ın yeni transferi Danilo Beskorovaynıy Sport24.az-a müsahibə verib.

- Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda evdə "Zirə" ilə qolsuz bərabərə qaldınız. Oyunla bağlı fikirlərini necədir?
- Çətin matç oldu. Ciddi rəqibə qarşı mübarizə apardıq. Hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, bundan yararlana bilmədi. Sözün düzü, istər "Zirə", istərsə də "Sumqayıt" qələbə qazana bilərdi. Qarşıda bizi "Zirə" ilə çempionat görüşü gözləyir. Hər iki komanda üçün həmin oyunun əhəmiyyəti böyükdür.

- "Karvan-Yevlax"la matçdan sonra Azərbaycan Premyer Liqasında intenssivliyin çatmadığını bildirmişdin. Bəs "Zirə" ilə görüşdə necə?
- Bu gün fərqli qarşılaşma oldu. Xüsusilə ikinci yarıda hər iki komanda açıq futbol nümayiş etdirdi. Azərbaycan futbolunda bəyəndiyim məqamlar var. Məsələn, çox az sayda komanda qapalı oyun nümayiş etdirir. Əksər kollektivlər müdafiədə oturmaq istəmir. Əsas məqsəd hücum etmək və qol vurmaqdır. Bu da azarkeşlərin ürəyincədir.

- "Zirə" ilə görüşün sonlarında qıpıçınız Mehdi Cənnətovun qurtarışları olmasaydı, məğlub ola bilərdiz. Son dəqiqələrdə müdafiədə boşluqların olması konsentrasiyanı itirməyinizlə bağlı idi, yoxsa başqa səbəblər var?
- Mənə elə gəlir bizim komanda həm konsentrasiya, həm də intizam üzərində işləməlidir. Yetərincə sadə səhvlərə yol veririk. Əslində kollektivdə ustalıq səviyyəsi yüksək olan futbolçular var. Komanda şəklində intizamlı oynasaq, bizdə hər şey istənilən səviyyədə alınacaq.

- "Sumqayıt"a tam uyğunlaşdığını düşünmək olar?
- Klub rəhbərliyinə və komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Bura gəldiyim ilk gündən məni isti qarşıladılar. Həm komanda yoldaşlarım, həm də rəhbərlik mənə istənilən köməyi göstərməyə hazır idi.

- Necə düşünürsən, "Sumqayıt"ın avrokuboklara vəsiqə qazanmağa potensialı var?
- Məqsədimiz buna nail olmaqdır. İstər çempionat, istərsə də ölkə kubokunda mübarizəni sona qədər davam etdirəcəyik. Əsas odur ki, heyətdə fərdi şəkildə güclü olan futbolçular yer alıb. Çalışmalıyıq ki, bu günkü kimi oyunların sonunda səhvlərə yol verməyək. Çatışmazlıqları aradan qaldıra bilsək, istədiyimizə çatacağıq.

- Sumqayıtı bəyəndin?
- Bu şəhər çox xoşuma gəldi. Ona görə də burda qalıram. Gözəl və isti şəhərdir. Baxmayaraq ki, bu gün bir qədər soyuq idi, Sumqayıt günəşli yerdir, gözəl havası var. Mən Ukraynadanam. Hazırdı biz tərəflərdə -20 dərəcə şaxta var. Məlum məsələlərə görə, insanlarımız hazırda işıqsız və qazsız qalıb. Onlar çətin vəziyyətdədirlər.

- Hazırda Premyer Liqada yetərincə Ukraynadan olan futbolçular çıxış edir. "Sumqayıt"dan dəvət gələndə onlardan kiminləsə məsləhətləşdin?
- İlk olaraq "Sumqayıt"a sabiq komanda yoldaşım Emil Mustafayev gəlib. O, mənə şəhər və klub barədə müəyyən qədər məlumat verdi. Ukrayna U-20-də Aleksey Kaşunkla bir yerdə oynamışam. Rüstəm Əhmədovu da tanıyırdım. Onlar da bura gəlməyi məsləhət gördülər.

- Sumqayıt futbol şəhəri olsa da, əksər oyunlarda tribunlar boş qalır. Bu səni təəccübləndirmir?
- Gəlin düz danışaq. Bu gün hava heç də yaxşı deyildi. Belə havada azarkeşlər stadiona gəlmək istəmir. Ancaq ümid edirəm ki, qarşıdakı oyunlarda bizi tək buraxmayacaqlar. Onları stadiona cəlb etmək üçün isə "Sumqayıt" baxımlı və nəticə verən oyun ortaya qoymalıdır.