UEFA Konfrans Liqasında "Qarabağ" və "Dinamo" (Kiyev) arasındakı qarşılaşmanı idarə edəcək İngiltərədən olan hakim briqadası azərbaycanlı referi Tofiq Bəhramovun xatirəsini yad edib. Sport24.az xəbər verir ki, britaniyalı hakimlər adını daşıyan arena qarşısında ucaldılmış Tofiq Bəhramovun heykəlini ziyarət ediblər.

 

Onlar əfsanəvi referinin abidəsi önündə xatirə fotosu çəkdiriblər.

 

Avqustun 13-də baş tutacaq Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun baş hakimi Stüart Ettuel olacaq. Meydan sahibinə yan xətt hakimləri kimi Nik Qrinheyl və İan Hassin köməklik göstərəcəklər. Matçın dördüncü hakimi funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR sistemində Piter Benkis, AVAR rolunda isə Ceyms Bell əyləşəcək.

 

Qeyd edək ki, Tofiq Bəhramov İngiltərədə təşkil olunan DÇ-1966-nın İngiltərə – Almaniya (AFR) finalında verdiyi qərarla dünya futbol tarixinə adını yazdırıb.