"Hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirmişik. Rəqiblərimiz "Kəpəz", Qətər təmsilçisi və "Sumqayıt" olub". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov deyib.
Təcrübəli mütəxəssis komandasının hazırlıq planını dəyərləndirib:
"Ümumilikdə, təlim-məşq toplanışı maraqlı keçir. Futbolçuların fiziki durumunu yaxşılaşdırmağa və taktiki hazırlığını daha da artırmağa çalışırıq. Keçmiş baş məşqçi Ayxan Abbasov komandanı fərqli sistemlə oynadırdı. Hazırda isə biz əsasən 4-2-3-1 və ya 4-1-4-1 taktiki sxemi ilə çıxış edirik".
Bağırov "Şamaxı"nın transfer çalışmalarını başa vurduğunu da bildirib:
"Transfer çalışmalarını yekunlaşdırdıq. Düşərgəyə yeni futbolçunun gəlişi gözlənilmir. Ola bilsin, qış fasiləsində bir transfer edək. Amma bunu zaman göstərəcək".
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.