"Ümid edirəm ki, bu gün "Tvente" – "Qarabağ" qarşılaşması "Hapoel" – "Sabah" oyunu kimi maraqlı və həyəcanlı keçəcək. Ən azı "Qarabağ" bu cür vacib avrokubok matçlarında bizə həmişə böyük həyəcan yaşadıb. Bu dəfə də komandadan yaxşı nəticə gözləyirik". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis Ağdam təmsilçisinin Konfrans Liqası turnirin pley-off mərhələsinin ilk görüşündə "Tvente" (Niderland) ilə üz-üzə gələcəyi oyunla bağlı fikirlərini bölüşüb:
"İlk növbədə rəqibin Niderland təmsilçisi olduğunu qeyd etmək lazımdır. "Tvente" topa nəzarət edən, oyunu öz istədiyi tempdə qurmağa çalışan komandadır. Oyunlarına baxanda topa sahib olmaq və hücumları nəzarətdə saxlamaq onlar üçün vacib amildir. Bu səbəbdən "Qarabağ"ın orta sahədə mübarizəsi və rəqibin topa nəzarətini mümkün qədər məhdudlaşdırması önəmli olacaq. Digər tərəfdən, "Qarabağ"ın da belə oyunlarda təcrübəsi böyükdür. Komanda son illərdə Avropada kifayət qədər ciddi rəqiblərlə qarşılaşıb və səfər matçlarında necə oynamaq lazım olduğunu bilir. Üstəlik, Ağdam təmsilçisinin "Tvente" ilə əvvəlki görüşlərdən də müəyyən təcrübəsi var".
Qeyd esək ki, Bakı vaxtı ilə saat 22:00-da Enshededəki "Tvente" stadionunda start götürəcək qarşılaşmanı albaniyalı FIFA referisi Yucin Caya idarə edəcək. Komandalar arasında cavab qarşılşaması avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.