"Real"in baş məşqçisi Joze Mourinyo "El Chiringuito" verilişinə müsahibəsində "Barselona"nın "Negreyra işi" və hakim qərarları ilə bağlı danışıb. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Enrikes Negreyraya edilən ödənişlər barədə suala ironik cavab verib:
"Mən burada olarkən artıq nəyinsə səhv getdiyindən şübhələnirdim".
Mourinyo bildirib ki, həmin vaxt Negreyranın kim olduğunu bilməsə də, bəzi hadisələr ona qəribə gəlirdi:
"Negreyra işi məhkəmədədir, görək məhkəmələr nə deyəcək. Nəyinsə səhv getdiyini hiss edirdim. Negreyranın kim olduğunu bilmirdim. Amma qəribə idi. Bir neçə il sonra bunun heç də təsadüfi olmadığı ortaya çıxdı. Mənə qəribə gələn yeganə şey ədalət sistemidir. İtaliyada da Kalçapoli hadisəsində eyni şeyi etdilər".
"Real"ın transfer siyasətindən də danışan Mourinyo Ousmane Diomandenin transferini şəxsən istədiyini təsdiqləyib:
"Heç kimi istəmədən gəlmişdim. Heyəti ətraflı təhlil etdim və nə istədiyimi bilirdim. Hər iki cinahda oynaya bilən sürətli və aqressiv vinger tapmaq asan deyil. Onun 120, 80 və ya 20 milyon funt-sterlinqə başa gəlməsini analiz etmək istəmirəm. Mənə komandama nə verə biləcəyi maraqlıdır. Və dedim ki, bəli, onu istəyirəm. Qiyməti mənim üçün önəmli deyil".
Mourinyo Bernardo Silvanı da yüksək qiymətləndirib:
"O, Pep Qvardiolanın oyunçusudur. Hər şeyə töhfə verir. Ümid edirəm ki, az problem yaşayacağıq və çox sabitliyimiz olacaq. Bernardo hazırda yarımmüdafiəçidir. Amma 10 nömrə mövqeyində, sağ cinahda və istənilən yerdə oynaya bilər".
Mütəxəssis Luka Modriç və Toni Kroosun mümkün əvəzləyicisi kimi Arda Güləri də qeyd edib:
"Yalnız bir Luka və bir Toni var. Ardanı çox sevirəm. Düşünürəm ki, o da Luka və Bernardonun keçdiyi yolu gedə bilər. 10 nömrə kimi başlayıb hücumda oynadıqdan sonra daha geridə çıxış etməyə başlaya bilər. Arda bu istiqamətdə inkişaf edəcək və oyun anlayışı ona bu yolu keçməyə imkan verəcək".
Mourinyo "Barselona"nın gənc ulduzu Lamin Yamalı heyətində görmək istəyib-istəmədiyi sualına isə belə cavab verib:
"Xeyr. O, möhtəşəm futbolçudur, buna şübhə yoxdur. İnanılmaz potensiala malik gənc oyunçudur. 19-20 yaşında Avropa və dünya çempionu olmaq normal deyil. Amma bizim yüksək səviyyəli heyətimiz var. Hazırda heç kim üçün yer açmazdım. İndiki futbolçularım mənim üçün ən yaxşılarıdır".