"Məğlub olmağımıza baxmayaraq, düşünürəm ki, oyun yaxşı keçdi. Komanda meydanda özünü pis göstərmədi və mübarizə apardı". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov deyib.

25 yaşlı müdafiəçisi komandasının Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Rəqib "Hapoel" (Beer Şeva) nə istədiyini bilən, oyun planı olan və özünə güvənən komandadır. Buna baxmayaraq, biz də onlara qarşı layiqli mübarizə apardıq. Komandada xüsusi bir həyəcan hiss olunmurdu. Sadəcə, bəzi xırda səhvlər etdik və bəzi epizodlarda bəxtsizlikdən qollar buraxdıq. Belə oyunlarda kiçik səhvlər nəticəyə ciddi təsir edə bilir. İndi əsas məsələ həmin səhvlərdən nəticə çıxarmaq və Bakıda daha yaxşı çıxış etməkdir. İnanıram ki, Bakıda öz oyunumuzu göstərə bilsək, həmişəki "Sabah"ı meydanda görə bilsək, mərhələni keçmək mümkündür. Qarşıda bizi daha bir oyun gözləyir və heç nə bitməyib. Rəqibi ətraflı analiz edəcəyik, onların güclü və zəif tərəflərini müəyyənləşdirəcəyik. Eyni zamanda, ilk oyunda yol verdiyimiz səhvlər üzərində də işləyəcəyik. Bakıda azarkeşlərimizin dəstəyi bizim üçün çox böyük əhəmiyyət daşıyır. Onları stadiona gəlməyə, komandaya sona qədər inanmağa və 90 dəqiqə ərzində dəstək olmağa çağırıram. Birlikdə daha böyük gücə çevrilə bilərik. İnşallah, Bakıda tam fərqli atmosferdə, azarkeşlərimizin qarşısında yaxşı oyun nümayiş etdirib qələbə qazanarıq və mərhələni keçərək xalqımızı sevindirərik".

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.