"Araz-Naxçıvan"ın futbolçusu Boyan Letiç Slovakiyanın "Jilina" klubunda çıxış etdiyi dönəmdə Yunanıstanın PAOK komandasına transferinin baş tutmamasından danışıb. Sport24.az xəbər verir ki, Bosniya və Herseqovinadan olan futbolçu ölkəsinin mətbuatına açıqlamasında həmin vaxt PAOK-dan rəsmi təklif aldığını bildirib.

"Həmin vaxt PAOK-dan təklif gəldi. Çünki yaxşı mövsüm keçirmişdim və 12 məhsuldar ötürmə etmişdim. Məşqçi mənə dedi ki, səni buraxmaq istəmirik, çünki vacib oyunçusan. Mən də soruşdum ki, necə yəni? Milan Şkrinyarı "Sampdoriya"ya, Laslo Beneşi "Borussiya" (Münhenqladbax) klubuna, başqa bir hücumçunu isə "Slaviya"ya buraxmısınız. Cavab verdilər ki, istədiyimiz məbləği təklif etsələr, səni buraxacağıq.

O vaxt mənə nəsə şübhəli gəldi. Sonradan başa düşdüm ki, PAOK-a başqa futbolçu göndərmək istəyirlər və bundan özləri də qazanc əldə etməyi planlaşdırırlar. Sonda transfer baş tutmadı. Çünki PAOK məni qəti şəkildə istəyirdi. Bundan sonra isə transfer üçün elə bir məbləğ tələb etdilər ki, həmin pulu "Real Madrid" belə verməzdi".

Qeyd edək ki, mövsümün əvvəlində "Araz-Naxçıvan"a keçən Boyan Letiç 2014-2017-ci illərdə "Jilina"nın formasını geyinib. 33 yaşlı müdafiəçi 2022-2026-cı illərdə "Sabah"da çıxış edib.