"Geridə qalan üç turda fərqli, bəlkə də gözlənilməz nəticələr qeydə alınıb. Demək olar ki, bütün komandalar bir-birinə qalib gələ biləcək gücdədir". Bu sözləri Sport24.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə deyib.
O, komandasının İkinci Liqanın 3-cü turunda "Şəki"yə 8:1 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb:
"Bu il ötən mövsümlə müqayisədə daha maraqlı və rəqabətli keçəcək. Ötən "futbol ili"ndə mübarizə əsasən iki komanda arasında gedirdisə, bu il artıq komandaların güc nisbəti daha yaxındır və çempionluğa oynayanların sayı da çoxdur. "Şəki" ilə görüşün 8:1 hesabı ilə bitəcəyini gözləyirdim desəm, yalan olar. Açığı, belə nəticə bizim üçün də gözlənilməz oldu. Çox istərdim ki, 3 matçdan sonra 9 xal toplayaq. Təəssüf ki, "Şirvan"la matçda hava şəraitinə görə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Güclü külək bizə mane oldu. Belə hava şəraitində komandadan istədiyimiz oyunu tələb etmək də çətin idi".
Gənc mütəxəssis "Qaradağ Lökbatan"ın bu mövsüm üçün hədəflərini açıqlayıb:
"Bu mövsüm üçün ilk növbədə hədəfimiz yaxşı futbol oynamaq və hər oyunda özümüzü daha yaxşı tərəfdən göstərməkdir. Əsas istəyimiz mövsüm ərzində sabit çıxış etmək, yaxşı nəticələr qazanmaq və qarşıya qoyulan məqsədə addım-addım yaxınlaşmaqdır".
Qeyd edək ki, "Qaradağ Lökbatan" turnir cədvəlində 6 xalla 3-cü pillədə qərarlaşıb.