"Səbail"in cari mövsümdə əsas qapıçısı olan Kamran Ağayev keçən turda iştirak etmədi. Uzun illər millimizin "1 nömrə"si olmuş 35 yaşlı qapıçının adı "Sumqayıt"la Bayıldakı həmin matçda (1:0) ümumiyyətlə, iştirak ərizəsinə salınmamışdı. 

"Dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev həmin matçdan sonra mətbuat konfransında Kamranın zədə probleminin olduğunu açıqlamışdı. "Futbol+"in xəbərinə görə isə təcrübəli qapıçı baş məşqçi ilə arasında narazılıq yaşandığına görə məşqlərə qatılmır.

Maraqlıdı, hazırkı vəziyyət necədi? Ağayev bu gün "Qəbələ"nin qonağı olacaq komandasının düşərgəsindədi, yoxsa ən azı bir müddət heyətdən kənarlaşdırlıb? Hacıyev məsələyə belə aydınlıq gətirib: "Kamranla bağlı yazılanlardan xəbərim var. Yazılanlar kimi deyil. Kamran bizimlə Qəbələdədi, oyuna hazırlaşır. Bir az psixoloji problemləri vardı, o da aradan qalxıb".

Keçən turda "Səbail"in yay transferi - qanalı müdafiəçi Camal Araqo da ehtiyatda belə deyildi. Halbuki, bu legioner ilk 2 turu əvəzolunmadan keçirmişdi. Hacıyev Araqonun da onlarla birgə Qəbələyə gəldiyini diqqətimizə çatdırıb. Camalın start heyətində yer alacağı, yoxsa matça ehtiyatdan başlayacağı görüşün startına az qalmış dəqiqləşəcək. 

Xatırladaq ki, "Qəbələ" - "Səbail" qarşılaşması saat 17:00-da başlayacaq. 

 

MEHMAN SÜLEYMANOV