"Əlbəttə, "Qarabağ" haqda geniş danışmağa ehtiyac yoxdu. Bu gün ən güclü komandalarımızdan biridi. Ümumən bilirik ki, onunla matçda səhv eləmək olmaz. Həqiqətən səhvi də bağışlamır. Götürsək, “Qarabağ”ın hər çempionat böyükhesablı qələbələri olur". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov bildirib.

Premyer Liqamızda sabah start götürəcək XVI turun ən maraq doğuran matçı elə sabah Sumqayıtda olacaq. Belə ki, "Sumqayıt" son 7 ilin çempionu "Qarabağ"ı qonaq edəcək. Abbasovun sözlərinə görə, son olaraq səfərdə 1:6 hesabıyla uduzduqları bu komandanın belə nəticələri rəqiblərinin xətalarını bağışlamadığının göstəricisidi: "Bu dəfə evdə oynayırıq, futbolçularımız bunu yaxşı anlayır. "Qarabağ"la necə hazırlaşmaq, meydançada necə oynamaq lazım olduğunu bilirlər. Çalışacağıq ki, yaxşı mübarizə aparaq".

Məlumdu ki, "Sumqayıt" ikinci dövrəni çox uğursuz keçirsə də, qış fasiləsindən sonra çempionatda qələbələri sıralayır, Kubokda da yarımfinalda çıxıb. Özü də maraqlıdı ki, burda rəqibi məhz "Qarabağ" olacaq. Komandasının hazırkı durumuna qiymət verən Abbasovun əsl qiyməti məhz belə güclü rəqiblə görüşdə verə biləcəyini saymaq olar. Ancaq 40 yaşlı mütəxəssis fərqli düşünür:

"Elə komandayıq ki, itkilər bizə baha başa gəlir. Çünki bəzi mövqelərimiz var ki, alternativimiz həqiqətən yox idi. Yayda Avroliqaya yaxşı hazırlaşırdıq, vaxt az idi. Ancaq sonra çempionatda komandamız həqiqətən çox yaxşı formada idi. Bəzi mövqelərimizdə rəqabətin, alternativin olmamağı öz sözünü dedi. Bəzi futbolçuların yerində oyunçuların olmamağı üzündən milidən gələndən sonra yenə onların üzərində dayanmağımız yekunda çoxunun zədələnməsinə, formadan düşməsinə səbəb oldu. Qış fasiləsində bəzi mövqelərə transferlər etmişik. Nəticədə bu gün komandamızda rəqabət var. İndi bəzi oyunçuların yerinə dəyişə, istirahət verə bilirik. Bu, bizi sevindirir. Ümumən komanda hazırda normal çıxış edir. Ancaq bu, o demək deyil ki, artıq hər şey tam qaydasındadı. Hazırda çempionatımız çox gərgin keçir və bu tempi sonadək saxlamaq lazımdı. Problemlər hər komandanın başına gələn hadisədi. İnşallah, çalışırıq bizə lazım olan xalları yığaq. Buan elə baxmıram ki, sırf "Qarabağ"dan xal ala biləcəksənsə, yaxud uduzacaqsansa, çempionata hazır olub-olmamağa qiymət verə bilərik. Marafon uzundu. Komandaya 1-2 matçla qiymət versək, sonda əziyyət çəkəcəyik. Əsas orta tempi axıradək saxlamaqdı. Bildiyiniz kimi, bundan sonra hələ 12 tur var və xallara görə neçə yaxınıq bir-birimizə. Buna görə turnir cədvəlində yerdəyişmələr ehtimalı çoxdu. Qalib gəlsən də, uduzsan da, qarşıdakı oyunlara çox ciddi hazırlaşmalısan. Kuboka gəlincə, buna tam başqa cür hazırlaşırsan. Burda mübarizə 2 matçdan ibarətdi. Məncə, Kubokda qalanların hamısı eyni cür yanaşır ki, indi əsas məqsəd hər kəsin öz yerini qarantiya eləməsidi. Aşağıdakılar yuxarıya qalxmaq, yuxarıdakılar isə öz yerini qorumaq istəyir. Belə rəqabətli çempionat gedir". 

"Qarabağ" "Sumqayıt"la müqayisədə 1 gün az istirahət edib, "Neftçi"ylə derbidən məğlub çıxaraq, liderliyini ona verərək psixoloji zərbə alıb, üstəlik, heyətində ciddi itkilər var. Maraqlıdı, bunlar "Sumqayıt"ın hardasa işinə yaraya bilərmi? Abbasovu dinləyək: "Qarabağ" haqda danışırıq. Hansı ki, Çempionlar Liqasının, Avropa Liqasının qrup mərhələsində çıxış edib. Bununla da 3 gündən bir oyun tempinə hazır olub. Əlbəttə, rəqibimizin itkiləri ola bilər. Ancaq zədəlilərin mövqelərinə baxsaq, məncə, rəqibimizin yetərincə ehtiyat qüvvəsi var. Deyə bilərlər ki, gənclərdi. Ancaq onlar da yaxşı futbol nümayiş etdirir. Ona görə böyük bir üstünlük görmürəm. Bildiyiniz kimi, bundan sonra çempionatda turlar arasında zaman qısalaraq 5 gündən bir olacaq. Düzdür, burda zədə ehtimalı üzə çıxa bilər. Amma çalışırq ki, məşqlərdə bu balansı düzəldək. Yəqin, digər komandalar da bizim kimi futbolçuların gümrahlığını qorumaq məsələsinə matçlarda nəzarət edir. Fikrimcə, "Qarabağ" təcrübəli komandadı, bunları çoxdan keçib. Buna görə də bizim üçün belə bir üstünlük görmürəm".

Xatırladaq  ki, ilk dövrədə Sumqayıtdakı matçda "Qarabağ" hesabda 0:2 geridə olaraq son saniyələrdə vurduğu qolla əzmkar heç-heçəni (2:2) qorapa bilib.


MEHMAN SÜLEYMANOV