ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi DÇ-2026-da uzun səfərlər və uçuş gecikmələri müzakirə mövzusuna çevrilib. Sport24.az xəbər verir ki, Ekvador millisinin Meksikaya səfəri zamanı yaşadığı gecikmə komandanın narazılığına səbəb olub. Təxminən üç saat yarım çəkməli olan uçuş müxtəlif gecikmələr səbəbindən ümumilikdə doqquz saat davam edib.

Ekvador Futbol Federasiyası bununla bağlı rəsmi etiraz göndərərək baş verənləri ədalət, bərabərlik və idman prinsiplərinə zidd adlandırıb. Komandanın baş məşqçisi Sebastian Bekkaseçenin rəhbərlik etdiyi kollektiv Meksikaya 0:2 hesabı ilə uduzduğu oyundan əvvəl yaşananları "idman ruhuna uyğun olmayan vəziyyət" kimi qiymətləndirib.

Mövzu ilə bağlı danışan biotibb və sağlamlıq elmləri üzrə doktorant, fizioterapevt Xulio Kabalyero uzun uçuşların futbolçuların performansına ciddi təsir göstərə biləcəyini bildirib.

Onun sözlərinə görə, saatlarla təyyarədə qalmaq yuxu rejiminin pozulmasına, fiziki və zehni yorğunluğun artmasına, bərpa prosesinin ləngiməsinə səbəb olur. Mütəxəssis qeyd edib ki, bu amillər xüsusilə dünya çempionatının pley-off mərhələsində, oyunlar arasında bərpa üçün az vaxt qaldığı şəraitdə böyük əhəmiyyət daşıyır.

Kabalyero vurğulayıb ki, uzun səfərlər əzələlərin yüklənməyə dözümlülüyünü azaldır və xüsusilə budun arxa əzələləri, baldır, kvadriseps və adduktor nahiyəsində təmassız zədələnmə riskini artırır. Onun fikrincə, problem birbaşa zədəyə səbəb olmasa da, futbolçuları yüksək intensivlikli oyuna daha hazırlıqsız vəziyyətdə çıxarır.

Mütəxəssis əlavə edib ki, bu səbəbdən komandaların tibbi heyətləri uçuşdan əvvəl, uçuş zamanı və səfərdən sonra xüsusi bərpa və aktivləşdirmə proqramları tətbiq edir. Bu proqramlara əzələlərin aktiv saxlanılması, hərəkətlilik məşqləri, kifayət qədər maye qəbulu, tez-tez duruşun dəyişdirilməsi və bəzi hallarda kompressiya geyimlərindən istifadə daxildir.

Beləliklə, Ekvadorun etirazı təkcə bir uçuş gecikməsi ilə bağlı narazılıq deyil, eyni zamanda DÇ-2026-nın ən ciddi problemlərindən biri sayılan uzun səfərlərin futbolçuların fiziki durumuna və oyun keyfiyyətinə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.