"Kəpəz" klubunda futbolçulara "Şəfa" üzərində qələbəyə görə verilən mükafatın məbləği bəlli olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Məlumata görə, Gəncə təmsilçisinin futbolçuları Misli Premyer Liqasının IX turunda səfərdə "Şəfa"ya 2:1 hesabı ilə qalib gəldikləri oyuna görə 1300 manat mükafat alıblar.

Klub rəhbərliyi "İmişli" ilə qarşılaşmadan əvvəl də futbolçulara qələbə mükafatı vəd edib.

"Sarı-göylər" bu dəfə doğma meydanda rəqibini 1:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci qələbəsini qazanıb. Həmin görüşə görə nəzərdə tutulan mükafatın məbləği isə hələlik məlum deyil. Ödənişin yaxın günlərdə həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, "Kəpəz" hazırda Misli Premyer Liqasında 17 xalla 5-ci pillədə qərarlaşıb. Gəncə klubu XI turda səfərdə "Neftçi" ilə qarşılaşacaq.