"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun 16 yaşlı oğlu – Portuqaliyada Kristianinyo kimi tanınan Kriştiano Ronaldo kiçik – ilk dəfə Portuqaliyanın U-17 yığmasına dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
U-17 millisinin baş məşqçisi Filipe Ramos Kristianinyonu 2027-ci il Avropa Çempionatının seçmə mərhələsinin ilk raundu üçün 23 nəfərlik heyətə daxil edib. Portuqaliyanın ev sahibliyi edəcəyi bu mərhələ çərçivəsində komanda 6-17 noyabr tarixlərində təlim-məşq toplanışı keçirəcək. Yığma Andorra (11 noyabr), Bolqarıstan (14 noyabr) və Serbiya (17 noyabr) ilə qarşılaşacaq.
Kristianinyo ilk dəfədir ki, U-17 yığmasına dəvət olunur. Lakin onun Portuqaliyanın aşağı yaş qrupu üzrə milli komandalarında çıxış etmək təcrübəsi var. O, daha əvvəl U-15 və U-16 yığmalarının heyətində 13 oyunda meydana çıxıb. Klub səviyyəsində isə 16 yaşlı hücumçu (o, həmçinin yarımmüdafiəçi kimi də oynayır) atasının da çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun gənclər akademiyasının üzvüdür.