"Brayton" və "Barselona" "Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinlə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə əsasən, Kataloniya klunu futbolçunu Portuqaliyanın U-19 yığmasındakı ilk çıxışlarından bəri izləyir və ona olan maraq getdikcə artır.

 

"Barselona" və "Brayton"la yanaşı, "Lill" da gənc müdafiəçini izləyir. Fransa təmsilçisi "Eştoril"in son oyunlarını izləmək üçün skautlarını Portuqaliyaya göndərib. 

 

Arnolin "Eştoril"in əsas komandasında ilk dəfə "Portu"ya qarşı matçda start heyətində meydana çıxıb. O, bu oyunda özü üçün qeyri-adi mövqedə – dayaq yarımmüdafiəçisi rolunda çıxış edib ki, bu da onun çoxfunksiyalı oyunçu olduğunu sübut edir.

 

Qeyd edək ki, 18 yaşlı müdafiəçi 2026/27 mövsümündə beş oyunda meydana çıxıb.