Samir Abasov "Neftçi yə baş məşqçi təyin olunduqdan sonra çempionatda ilk məğlubiyyətini aldı. 43 yaşlı mütəxəssis yenə də "Zirə"nin müdafiə xəttini yara bilmədi. Bu, Abasovun rəhbərliyi altında “ağ-qaralar”ın Rəşad Sadıqovun yetirmələrinin qapısına yol tapa bilmədiyi ardıcıl 4-cü görüşdü.

Bəs, bu dəfə nə baş verdi? Paytaxt klubu oyun üçün kifayət qədər düzgün bir strategiya seçdi. Komanda meydanın mərkəzini ələ keçirmək üçün hadisələri qabaqlamadı. Görüşün ilk mərhələlərində qonaqların risk etməməsi aşkar nəzərə çarpırdı. İkinci hissə başlayan kimi təzyiqin artacağı matçın gedişində nəzərə çarpırdı.

İlk 45 dəqiqədən sonra "neftçilər" ev sahiblərinin qapısında daha tez-tez görünməyə başladılar. Komandanın yeni hücumçusu Ahmed Ahmedov rəqibin cərimə meydançasında bir-iki dəfə topa yapışdı, ancaq bu hücumları məntiqi sonluqla bitirə bilmədi. "Qəbələ" ilə bundan əvvəlki turu zədələndiyinə görə buraxan Sabir Buqrinin yoxluğu da təsir etdi. Belçikalının oyunun bitməsinə yarım saat qalmış meydana çıxması diqqət çəkir, amma məhz Amedovu əvəzlədi. Bu məsələyə aydınlıq gətirməyə çalışacağıq, çünki bir çox azarkeşlər Abasovu bu iki oyunçu ilə əlaqəli "kobud səhv"lə bağlı mühakimə etməyə başladı. Onların fikrincə, Buqrin ilk dəqiqələrdən oynamalı, Ahmedovu əvəzləmək isə utopiya idi.

Ancaq "parıldayanların hamısı qızıl deyil". Ona aydınlıq gətirə bildik ki, əslində, “Neftçi”nin baş məşqçisi Sabiri ilk dəqiqələrdən məmnuniyyətlə buraxar və final fitinə qədər Əhmədovu dəyişməzdi. Məsələ ondadır ki, bu addımların hər ikisi məcburiyyətdən atılmışdı. Buqrin ümumiyyətlə, meydana çıxmamalı idi. Çünki o, əzələ dartmasından sonra tam bərpa olunmamışdı və ikinci dəfə zədə almasıyla mövsümün sonuna qədər sıradan çıxacaqdı. Beləliklə, yarımmüdafiəçinin meydana çıxması yalnız tablodakı sıfırların olması ilə əlaqəliydi. Yeri gəlmişkən, oyun qurucusu indiyədək əzələ dartmasının müalicəsini davam etdirir. Bolqarıstanlı hücumçunun əvəzlənməsinə gəlincə, bunun da tutarlı səbəbi vardı. Komandanın son məşqində, "Zirə" ilə görüş ərəfəsində 26 yaşlı futbolçunun topuğu şişmişdi. Həkimlər zədəni tələsik müalicə etdilər, ancaq ikinci hissənin əvvəlində hücumçu özü əvəzlənmək istəyib - topuğundakı zədə oyunu davam etdirməyə imkan vermədi.

İndi isə postfaktum. Samir Abasovun gəlişindən sonra "Neftçi" ardıcıl 7 tur məğlub olmadı, eyni zamanda 6 qələbə qazandı! Bunlar komandanın çempionluq uğrunda mübarizəyə yenidən qoşulmasına imkan verən 19 (!) xaldır. Diqqət yetirin, belə bir seriya olmasaydı, "ağ-qaralar" ən yaxşı halda gümüş medallar uğrunda mübarizə aparardı. Çempionatın intriqasını yaradan məhz "Neftçi"dir və indi komandaya yalnız əvvəlki turun psixoloji yükündən qurtulmaq lazımdı. Əks təqdirdə bir-iki turdan sonra "Qarabağ"ın çempionluğunu elan etmək mümkün olacaq. Futbol ictimaiyyətinin isə intriqaya ehtiyacı var. Mübarizənin son turadək davam etməsini çox istəyirsən. Bu, şübhəsiz ki, çempionata rəng qatacaq.

"Bir qaşıq zəhər"siz də keçinməyəcəyik. Matçdan sonra mətbuat konfransında Abasov buraxılan qolda günahkarların cəzalanacağı ilə bağlı açıqlama verməklə diplomatik səhvı yol verdi. Bu, klubun daxili işidi, bunu açıqlamaq tövsiyə olunmur. Çətin ki futbolçulara 3 dəfə ağrı hiss etmək xoş olacaq - qolda buraxılan səhv zamanı, baş məşqçinin danlaması zamanı, üstəlik, cəzalandırılacaqlarını mətbuatdan oxumaları zamanı. Abasov Kuboku tərk etdikdən sonra bütün zərbələri öz üzərinə götürəndə nə qədər haqlı idisiə, prinsipial rəqibinə məğlub olduqdan sonra emosiyalarının öhdəsindən gələ bilməyəndə bir o qədər haqsız. Necə deyərlər, mənim dilim mənim düşmənimdi.

Və sonda. Çempionatın bitməsinə 11 tur qalıb. Hələ ki turnir cədvəlində ikihakimiyyətlik hökm sürdüyü bir vaxtda hər xalın, hər səhvin dəyəri çox yüksəkdi. Özü də təkcə meydanda yox, ondan kənarda da olan səhvlər. 
 

CEYHUN ƏLİYEV