"Turan Tovuz" klubu Rumıniyanın "Argeş" komandasında çıxış edən portuqaliyalı futbolçu Rikardo Matosla maraqlanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, Qərb təmsilçisi 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyib.

Bu məqsədlə futbolçunun klubuna təklif göndərilib və tərəflər arasında danışıqlar aparılıb. Lakin yekunda razılıq əldə olunmayıb.

Buna səbəb Rumıniya klubunun forvard üçün tələb etdiyi transfer məbləği olub. "Turan Tovuz" qarşı tərəfin istədiyi məbləği yüksək hesab etdiyindən transferdən imtina edib.

Qeyd edək ki, Rikardo Matos 2025/2026 mövsümündə Rumıniya çempionatında 33 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, ölkə kubokunda isə 5 qarşılaşmada 2 dəfə fərqlənib.