Azərbaycan millisi 237 gündən sonra böyük hesabla uduzub. Sport24.az xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin son turunda baş verib.

Belə ki, millimiz Belçika yığmasına Brüsseldə 0:5 hesabıyla yenilib.

Bununla da qrupda 4-cü olan Canni de Byazinin komandası özündən irəlidə qərarlaşan bütün yığmalardan səfərdə böyükhesablı məğlubiyyət alıb. Belə ki, Azərbaycan başa çatan bu tsiklə martda start götürərək əvvəlcə Avstriyaya 1:4, ardından İsveçə 0:5 hesabıyla uduzmuşdu. Yığmamız yeganə səfər qələbəsini son pilləni tutan Estoniyanı səfərdə 2:0 hesabıyla yenərək qazanmışdı. 

Məlumdu ki, Azərbaycan Belçika paytaxtındakı qarşılaşmanın ilk hissəsini rəqibin kapitan, ulduz hücumçusu Romelu Lukakunun pokeri sayəsində hesabda 0:4 geridə bitirdi. İndiyədək belə hesabla fasiləyə yollanmaq, millimizin 31 illik tarixində ən böyük hesabla uduzduğu Fransa yığmasıyla səfər matçında olmuşdu. Belə ki, AVRO-96-nın seçmə mərhələsi çərçivəsində 1995-ci ilin sentyabrın 6-da Oserdə 0:10 hesabıyla yenildiyimiz görüşdə ilk hissədən sonra 4 cavabsız qol buraxmışdıq. 

Lukakuya gəlincə, o da millimizin tarixinə düşdü. Çünki Azərbaycana bir matçda 4 qol vuran ilk futbolçu oldu. Bunadək qapımıza yol tapanlar adətən het-trik müəllifləri idilər.