Aprelin 16-da "The Club Port Baku"nun basketbol arenasında Uşaq-Yeniyetmə baskebol Liqasının final oyunları keçirilib. Sport24.az xəbər verir ki, U12 yaş qrupunda üçüncü yer uğrunda qarşılaşmada "Fərid" BK Sabunçu UGİM-ə 41:27 hesabı ilə qalib gəlib.

 U14 yaş qrupunda bürünc medallar uğrunda qarşılaşmada isə Gəncə TİM və "Sıçrayış" BK komandaları üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən oyunda "Sıçrayış" gəncəliləri üstələyə bilib: 39:36.

Daha sonra çempionluq uğrunda oyunlara start verilib.

U12 yaş qrupunda məğlubiyyət bilməyən Gəncə TİM-in basketbolçuları Təhsil RİOEUGİM1 komandasını sınağa çəkib. Final qarşılaşmasına daha yaxşı hazırlaşan Təhsil RİOEUGİM1 rəqibini 37:26 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

U14 yaş qrupunda final qarşılaşması daha maraqlı mübarizə şəraitində keçib.

Oyunun ilk iki hissəsində Səbail UGİM böyük üstünlüyə malik olublar. Lakin, 3-cü hissədə Təhsil RİOEUGİM1 təşəbbüsü ələ alaraq, hesab arasında fərqi minimuma çatdırıblar: 38:39. Ancaq son hissədə daha təcrübəli Səbayıl UGİM komandası Təhsil RİOEUGİM1 məğlub edərək(61:46), Liqanın çempionu olub.

Fərqlənən komandalar Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi tərəfindən medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar.