"Mən 18 ildən sonra qayıdıram". Sport24.az xəbər verir ki, bunu "Sabah"ın yeni baş məşqçisi Rimas Kurtinaytis deyib.

 

Litva basketbolunun əfsanəsi "Sabah"a təyinatı ilə bağlı vətənində yerli mətbuata açıqlama verib: "Orda olmuşam. Hər şeyin necə olduğunu, sıfırdan necə başladığımı bilirəm. Biz liqanın əsasını qoyduq, milli komanda qurduq, yığma ilə İslam Həmrəyliyi Oyunlarının qalibi olduq. Bir neçə ildən sonra Olimpiya Oyunlarında çıxış edən İranı yarımfinalda məğlub etmişdik. Düzünü deyim ki, həmin vaxt rəhbərlik etdiyim "Qala" klubunun indi yaşayıb-yaşamadığını bilmirəm".

 

O bildirib ki, Azərbaycan basketbolunda vəziyyət dəyişib. Yeni, daha güclü liqa yaradıldığını qeyd edən Kurtinaytis "Sabah" futbol klubu ilə bərabər yaradılan basketbol komandasının ilk mövsümdə çempion olmasını vurğulayıb. Mütəxəssis bildirib ki, yeni komandasının legionerlərə xərclədiyi məbləği Litvanın heç də hər komandası ödəmək gücündə deyil.

 

Qeyd edək ki, Kurtinaytis 2002-2006-cı illərdə "Qala" klubunun və Azərbaycan millisinin baş məşqçisi olub.