Sabah Bakıda daha bir nüfuzlu yarışa start veriləcək. Sport24.az xəbər verir ki, ölkəmiz ilk dəfə basketbolun 3x3 növü üzrə Dünya kubokunun seçmə mərhələsinə ev sahibliyi edəcək.

 

Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək final mərhələsinə vəsiqələr uğrunda 6 kişi və 6 qadın yığması mübarizə aparacaq. Hər iki yarışda 3 "xoşbəxt" bəlli olacaq.

 

İştirakçılar öncədən qruplara bölünüb. Hər qrupda 3 yığma yer alıb. Mayın 24-də keçiriləcək mərhələdə ilk iki yerin sahibi olanlar yarımfinala vəsiqə qazanacaq.

 

Ertəsi gün baş tutacaq yarımfinalda qələbə qazananlar Dünya kubokuna bilet əldə edəcək. Bu raundda uduzanlar isə sonuncu – 3-cü vəsiqə üçün qarşılaşacaq.

 

Kişilərdən ibarət Azərbaycan yığması Kanada və Böyük Britaniya ilə mübarizə aparacaq. Qadın millimizin qrupdakı rəqibləri isə Latviya və Misirdir.

 

Kişilər
A qrupu: Monteneqro, Ruanda, İran
B qrupu: Kanada, Böyük Britaniya, Azərbaycan

 

Qadınıar
A qrupu: 
Çili, Çin Taypeyi, Braziliya
B qrupu: Latviya, Azərbaycan, Misir

 

Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdam ibarət yığmamız ilk matçını Kanada ilə keçirəcək. Komandamız qrup mərhələsini Böyük Britaniya ilə matçla başa vuracaq.

 

Dina Ulyanova, Aleksandra Mollenhauer, Arika Karter və Brianna Frezerin yer aldığı qadın millimiz mübarizəyə Misirlə görüşlə start verəcək. İkinci rəqib isə Latviya olacaq.

 

Qrup mərhələsi
24 may

Kişilər
19:05. Kanada – Azərbaycan
20:55. Böyük Britaniya – Azərbaycan

Qadınlar
18:15. Azərbaycan - Misir
20:05. Latviya – Azərbaycan

 

Qeyd edək ki, qadın millimiz seçmə mərhələdən sonra daha bir turnirə qatılacaq. Yığmamız mayın 26-27-də Qadın seriyasının Bakı mərhələsinə qatılacaq.