Basketbol üzrə dünya çempionatının seçmə mərhələsi yekunlaşmaq üzrədi. Sport24.az xəbər verir ki, artıq mundiala yollanacaq Avropa komandalarının əksəriyyəti müəyyənləşib.
Bu günə qədər “köhnə qitə”nin 10 komandası mundiala vəsiqə qazanmışdısa, siyahıya Gürcüstan yığması da əlavə olunub.
Beləliklə, şimal-qərb qonşularımız tarixində ilk dəfə basketbol üzrə dünya çempionatında iştirak edəcək. Gürcüstanlılıar seçmə mərhələnin son turunda İslandiya yığmasına 77:80 hesabıyla məğlub olsa da, əlavə göstəricilərə görə vəsiqəni təmin edib.
Xatırladaq ki, Avropadan 12 komanda dünya çempionatında iştirak edəcək. Gürcüstana qədər Finlandiya, Latviya, Almaniya, Yunanıstan, Sloveniya, Fransa, Litva, İspaniya, İtaliya və Monteneqro milliləri final mərhələsində oynamaq imkanı əldə etmişdi. Dünya çempionatı avqustun 25-dən sentyabrın 10-na qədər Filippin, Yaponiya və İndoneziyada keçiriləcək.