"Ritmsiz oynadıq". Sport24.az xəbər verir ki, bunu "Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı deyib.

 

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınan "Şəki" ilə matçı şərh edib. O bildirib ki, 66:72 hesablı məğlubiyyətə zəif oyunları səbəb olub: "Rəqibi təbrik edirəm. Hesaba baxdıqda ortalama 100 xalla oynayan "Şəki"ni 72 xalda saxladıq, özümüz isə 66 xal qazandıq. 16 dəfə sərbəst atışı qaçırdıq. 3 xallıq atışlarda əvvəlki göstəricilərimizdən çox zəif nəticə əldə etdik. Oyunu uduzmağımızda bu önəmli oldu. Matçın gedişində bir basketbolçumuzu cəza səbəbindən itirməyimiz də təsirsiz ötüşmədi. Qarşıda "Lənkəran" ilə səfər oyunumuz var. Çatışmazlıqları aradan qaldırmalı, daha yaxşı hazırlaşmalıyıq. Lənkərana qələbə üçün gedəcəyik".

 

Qeyd edək ki, "Gəncə" B qrupunda 10 oyundan sonra 17 xal toplayıb. Onlar lider "Şəki"dən 1 xal geri qalırlar.