"Misli Premyer Liqasının VIII turu maraqlı nəticələrlə yadda qaldı. "Sabah"ın liderliyini qoruması, "Neftçi" və "Qarabağ"ın isə cəmi 2 xal geri qalması çempionatda rəqabətin kifayət qədər yüksək olduğunu göstərir". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Mütəxəssis Misli Premyer Liqasının 8-ci turunun qarşılaşmalarını şərh edib:
"Hələ qarşıda çox oyunlar var və turnir cədvəlində dəyişikliklər mümkündür.
"İmişli"nin "Turan Tovuz" üzərində qələbəsini xüsusi qeyd etmək lazımdır.Bu 3 xal komanda üçün çox vacib idi. "Kəpəz" – "Zirə" görüşündə qeydə alınan heç-heçə də hər iki komandanın mübarizəsinin göstəricisi idi. Ümumilikdə, çempionatın gedişində komandaların sabit çıxışı və hər matça ciddi yanaşması təqdirə layiqdir. "Sumqayıt"ın hazırkı mövqeyinə baxanda komandanın daha yaxşı nəticələrə ehtiyacı olduğu görünür".
Məşqçilər Komitəsinin qarşıdakı turlarda turnir cədvəlində dəyişikliklərin olacağını da vurğulayıb:
"8 xalla 8-ci pillədə qərarlaşan kollektiv qarşıdakı turlarda xal ehtiyatını artırmağa çalışmalıdır. "Araz-Naxçıvan" üçün də vəziyyət asan deyil. Komanda nəticələrini yaxşılaşdırmalı və turnir cədvəlinin aşağı pillələrindən uzaqlaşmalıdır. Mövsümün bu mərhələsində komandalar arasında xal fərqi böyük deyil və ardıcıl qələbələr turnir cədvəlində vəziyyəti dəyişə bilər. Ona görə də indidən yekun nəticə barədə danışmaq tezdir".
Qeyd edək ki, hazırda 19 xallı "Sabah" turnir cədvəlinə başçılıq edir. Onların ən yaxın izləyiciləri "Neftçi" ilə "Qarabağ"ın 17 xalı var. 14 xalla 4-cü olan "Turan Tovuz" "Şamaxı"dan 1, "Zirə"dən 2, "Kəpəz"dən 3 xal öndədir. "Sumqayıt" 8 xalla 8-ci mövqedə qərarlaşıb. 7 xalla 9-cu olan "İmişli" "Qəbələ"ni 3, "Şəfa"nı 4, "Araz-Naxçıvan"ı 5 xal qabaqlayır.