FIBA Avropa Kubokunun C qrupunun birinci turunda Türkiyədə "Esenler Erokspor"a 63:92 hesabı ilə məğlub olan "Gəncə" BK-nın baş məşqçisi Martin Knejeviç matçdan sonra şok paylaşımla yadda qalıb. Sport24.az azb.az saytına istinadən xəbər verir ki, o, komandanın qaldığı oteldə baş verən lift qəzası səbəbindən beş basketbolçunun xəsarət aldığını bildirib.
Knejeviç feysbuk hesabında etdiyi paylaşımda insidentin oyundan bir gün əvvəl yaşandığını və FIBA-nın matçın təxirə salınması ilə bağlı müraciəti rədd etdiyini vurğulayıb:
"Dünən gecə qaldığımız oteldə liftin üçüncü mərtəbədən aşağı düşməsi nəticəsində beş oyunçumuz xəsarət aldı. Uşaqların həyatlarını dəyişəcək dərəcədə ağır xəsarət almamaları böyük bəxtdir. Rəqibin bizi yerləşdirdiyi o ucuz oteldə baş verən bu hadisədən sonra nəticə məni təəccübləndirmədi.
Heyətdə bu qədər zədəli olduğu bir vaxtda oyunu təxirə salmaq istəyimizi görməzdən gəldiyi üçün FIBA-ya xüsusi "təşəkkür edirəm". Siz həqiqətən ən yaxşısısınız".
Baş məşqçi həmçinin rəqib komandanın onları ucuz oteldə yerləşdirdiyini də iddia edib.
Qeyd edək ki, "Gəncə"nin protokolda 12 basketbolçusunun adı yer alsa da, onlardan yalnız 10-u meydançaya çıxıb. Heyətdə yer alan Aydın İbrahimov isə zədə səbəbindən cəmi 2 dəqiqə 9 saniyə oynaya bilib.