Polşanın "Rakuv" klubunun azarkeş qrupunun rəhbəri Vadim Vieszorka komandanın cari mövsümdəki uğursuz çıxışından danışıb. Sport24.az xəbər verir ki, klubun tanınmış fanatı "Gieksa" nəşrinə açıqlamasında "Rakuv"un hazırda Ekstraklasada sonuncu pillədə qərarlaşmasını acınacaqlı durum adlandırıb.

O, heyətdəki bəzi futbolçuların aşağı səviyyədə çıxış etdiyini də bildirib.

Azarkeş Azərbaycan millisinin üzvü Mahir Emrelini isə xüsusi olaraq fərqləndirib:

"Biz əsas heyətə düşə bilməyən futbolçulara 2 milyon avro xərcləyirik. Yeni transferlərlə bağlı müəyyən problemlər var. Komandanın səviyyəsini qaldıran yeganə oyunçu "Kayzerslautern"dən icarəyə götürdüyümüz Mahir Emrelidir".

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Rakuv"da çıxış edir. 28 yaşlı hücumçu Polşa klubunun heyətində 6 qola imza atıb.