"Azərbaycan futbolu üçün böyük işlər görülüb". Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədov jurnalistlərə açıqlamasında deyib.
Səmədov Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı təəssüratlarını bölüşüb:
"İki ay əvvəl burada tamam başqa mənzərənin şahidi olardınız. Bura demək olar ki, səhra idi. FIFA standartlarına uyğun 10 meydança qurulub. Bunlar 66 günə həll edilib. Bütün dövlət qurumları ilk günlərdən bizə dəstək oldular. Azərbaycan futbolu üçün böyük işlər görülüb. U-15 dünya çempionatı bu işlər üçün təkan idi. Uşaq futbolunun inkişafı naminə işlər görmək arzumuz idi. Artıq uşaq futbolunun inkişafı üçün şərait qurulub".
AFFA rəsmisi FIFA prezidenti Canni İnfantinonun komplekslə tanış olduğunu xatırladıb:
"O, işlərin belə sürətlə yekunlaşdığını heç bir ölkədə görmədiyini bildirdi. Hər bir stadionda tribuna quraşdırılması gündəmdədir. İki stadionda 100, digərlərində 50 insan matçları izləyə biləcək".
Ramazan bəy stadionların ot örtüyünün də FIFA standartlarına cavab verdiyini vurğulayıb:
"Hazırda ərazidə FIFA-nın nümayəndələri də var. Bu kompleks uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub".
Qeyd edək ki, kU-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü isə Bakı Kristal Zalında keçiriləcək.