"Millinin oyunlarına görə yaranmış fasilədən maksimum istifadə etdiyimizi düşünürəm. Bu müddətdə həm hücum, həm də müdafiə planında çatışmayan cəhətlərimizi inkişaf etdirməyə, üzərində işləməli olduğumuz məqamları aradan qaldırmağa çalışdıq". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin baş məşqçisi Fərid Namazov deyib.

33 yaşlı mütəxəssis komandasının mövsümün ilk 6 turunda göstərdiyi oyunu və topladığı xalları dəyərləndirib:

"Nəzərə alsaq ki, 6 oyundan 3-ü ilk "4-lük"də yer alan komandalara qarşı baş tutub, nəticələri heç də pis hesab etmirəm. Həmin qarşılaşmalarda da sona qədər mübarizə aparmışıq. Komandamız hər görüşdə əlindən gələnin ən yaxşısını etməyə çalışıb. Yalnız "Qəbələ" ilə matçdakı xal itkisi planımızda yox idi. Fikrimcə, həmin qarşılaşmanın ədalətli nəticəsi ən azı heç-heçə olmalı idi. Əlbəttə, çempionatın təqvimi açıqlananda xal toplamaq baxımından müəyyən planlar qururduq. Hansı oyunlardan neçə xal götürə biləcəyimizi əvvəlcədən düşünür və bununla bağlı müəyyən hədəflər müəyyənləşdirirdik. Fikirləşirəm ki, göstərdiyimiz oyun və mübarizə baxımından 7-8 xal toplamalı idik".

Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasında 6 turdan sonra 4 xalla 8-ci pillədə qərarlaşıb.