"Yeni məşqçi gəlişi ilə milli fasilənin üst-üstə düşməsi komandamız üçün yaxşı oldu. Yeni baş məşqçinin istəklərini, tapşırıqlarını və oyun fəlsəfəsini mənimsəmək üçün müəyyən qədər vaxtımız oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov deyib.

21 yaşlı yarımmüdafiəçi komandanın mövsümə uğursuz startından danışıb:

"6 oyundan sonra 4 xal toplamaq heç də ürəkaçan nəticə deyil. Komanda olaraq bunu anlayırıq. Yaxşı oynamadığımız oyunlar oldu və bu da bizi belə nəticə ilə üz-üzə qoydu. Bundan sonra əsas məqsədimiz vəziyyəti yaxşıya doğru dəyişməkdir. Əlbəttə, istədiyimiz bu deyildi. Daha yuxarı pillələr uğrunda mübarizə aparmaq istəyirik. Hazırkı vəziyyət bizi də çox məyus edir. Bunun fərqindəyik və qarşıdakı matçlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq. Sözün düzü, millidə olduğum üçün bu suala tam cavab vermək mənim üçün bir qədər çətindir. Amma komanda yoldaşlarımdan danışdıqlarım əsasında deyə bilərəm ki, bizdən daha çox qaçmağımızı, mübarizə aparmağımızı, müdafiədə aqressiv olmağımızı, hücumda isə bir o qədər kreativ oynamağımızı tələb edir".

Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasında geridə qalan 6 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.