Bu gün daha 4 cüdoçumuz Bakıda keçirilən dünya çempionatında tatamiyə çıxacaq. Sport24.az xəbər verir ki, Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) medallar uğrunda mübarizə aparacaq. 

 

Ağayevanın 1/32 finaldakı rəqibi ispaniyalı Ai Tsunoda Roustant olacaq.

 

Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, Şükürov eyni mərhələdə norveçli Kornelius Eylertsenlə qarşılaşacaq. 

 

Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yeqor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.

 

Medal görüşlərinin keçiriləcəyi final blokuna isə 18:00-da start veriləcək.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa oktyabrın 11-də yekun vurulacaq. Cüdoçularımızdan Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.