"Bizim üçün pis oyun olmadı". Sport24.az verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker mətbuat xidmətinə açıqlamasında deyib.

 

O, Azərbaycan Basketbol Liqasında pley-off mərhələsində "Naxçıvan"la ilk oyunu şərh edib:

 

"Çox pis oynadığımızı deyə bilmərəm. Zaman-zaman müdafiə səhvləri etdik. Sadəcə, ilk yarı üçün deyə bilərəm ki, rəqibə çox xal qazanmağa imkan verdik. Komandam da hər zamankından daha çox xal ata bildi, ilk hissədə 45 xal qazandıq. Adətən nəticə bundan aşağı olur. Rəqibə 50 xal verməyimiz isə mənfi nüanslardan idi. İkinci dövrədə isə müdafiədə daha yaxşı oynaya bildik. Matçı bərabərləşdirmişdik, amma kritik anlarda bəsit səhvlər etdik. Bu da məğlubiyyəti gətirdi".

 

Mütəxəssis növbəti matçda qələbəni labüd hesab edir:

 

"Qarşıdakı oyunu qazanmaq məcburiyyətindəyik və məhz buna uyğun da hazırlaşacağıq. Hər iki komanda bir-birinə bərabər səviyyədədir. Belə oyunlarda bəzi nüanslar matça təsir edir. Hazırkı durumda əsas hədəf növbəti matçda qələbə qazanmaqdır".

 

Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq.