Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığması tarixi uğura imza atıb.

Sport24.az xəbər verir ki, komandamız Honkonqda təşkil olunan Olimpiya Təsnifat Turnirindəki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Komandamız bu gün öncə yarımfinalda Macarıstanla qarşılaşıb. B qrupunda 2-ci yeri tutan Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız finala gedən yolda rəqibini 21:19 hesabı ilə məğlub edib.

Basketbolçularımız finalda Polşa yığması ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 16:16 hesabı ilə yekunlaşsa da, yığmamız əlavə vaxtda 18:17 hesabı ilə qalib gələrək, Paris Olimpiadasına vəsiqəni rəsmiləşdirib.

Bununla da Azərbaycan Oyunlarda həm basketbolçular, həm də komanda yarışında ilk dəfə təmsil olunacaq.