3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Kiprin Limassol şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində qrup oyunlarını keçirib. 

Sport24.az xəbər verir ki, B qrupunda yer alan millimizin rəqibləri Kipr, Lüksemburq və Andorra komandaları olub.

İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan Orxan Aydın, Endar Poladxanlı, Amil Həmzəyev, Zaur Paşayev və Cordan Deyvisdən ibarət yığmamız rəqibinə 19:11 hesabı ilə qalib gəlib. İkinci matçda komandamız Lüksemburq yığması ilə üz-üzə gəlib və oyundan 16:10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu görüşündə millimiz Andorra basketbolçuları ilə münasibətləri aydınlaşdırıb. Matç Azərbaycan yığmasının 21:13 hesablı qələbəsi ilə bitib. 

Beləliklə, Azərbaycan komandası qrup qalibi kimi birbaşa yarımfinala yüksəlib. 2-3-cü yerləri tutan komandalar 1/4 finalda mübarizə aparacaq. Bu oyunlar iyunun 5-də keçiriləcək.

Seçmə mərhələnin finalçıları sentyabrın 9-11-də Avstriyanın Qras şəhərində keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq.