"Ev oyunlarında meydan sahibi komandanın müəyyən üstünlüyü olur. Burada tamaşaçı dəstəyi, həmçinin oyunçuların məşq etdikləri zalın səbətlərinə daha yaxşı bələd olmaları kimi amillər rol oynayır. Bunlar vacib faktorlardır. Amma düşünmürəm ki, bu, oyunun gedişatında kardinal dəyişiklik yarada bilər. Bununla belə, təsiri mütləq var".

Bu fikirləri "Quba" basketbol komandasının baş məşqçisi Şəhriyar Əsgərov kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburqa qarşı keçirəcəyi oyunla bağlı Sport24.az-a açıqlamasında deyib.

Mütəxəssis millinin qarşılaşmaya tam hazır olduğunu bildirib:

 

"Hesab edirəm ki, komandamız yaxşı vəziyyətdədir. Heyətimiz kifayət qədər güclüdür. Bir neçə oyunçunun zədə problemi var idi. Şükürlər olsun ki, onlar artıq bərpa olunublar və hazır vəziyyətdədirlər".

Əsgərov Azərbaycan yığmasının bu görüşdə qələbə qazanacağına inandığını vurğulayıb:

 

"İnanıram ki, uşaqlar bu gün qalib gələrək turnir cədvəlindəki vəziyyətlərini yaxşılaşdıracaqlar. Onların buna gücü çatır. Lüksemburq qalib gələ bilməyəcəyimiz rəqib deyil. Komandamıza güvənirəm. İnşallah, bu gün azarkeşlərimizi sevindirəcəklər".

Qeyd edək ki, Lüksemburq – Azərbaycan görüşü Bakı vaxtı ilə 21:00-da start götürəcək.