"Təkliflərim var, amma hələ heç biri ilə bağlı yekun qərar verməmişəm. Həm Premyer Liqa, həm də Birinci Liqa klublarından maraqlananlar var". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin və "Səbail"in sabiq futbolçusu Yusif Nəbiyev deyib.
Təcrübəli müdafiəçi yaxın günlərdə yeni klubunun müəyyənləşəcəyini bildirib:
"Düşünürəm ki, yaxın vaxtlarda yeni komandam bəlli olacaq. Hazırda konkretləşən heç nə olmadığından hansısa klubun adını çəkməyim düzgün olmaz. Hələlik gözləmək lazımdır.İlk seçimim Premyer Liqada çıxış etməkdir. Əgər bu mümkün olmasa, digər variantları dəyərləndirəcəyəm.
"Səbail"dən ayrıldıqdan sonra məşqlərimi fasiləsiz davam etdirmişəm. Formadan düşməmək üçün həm məşq prosesinə, həm də qidalanma rejimimə ciddi yanaşmışam. Öz üzərimdə işləyirəm və inanıram ki, yeni komandama tam hazır vəziyyətdə qoşulacağam".
Qeyd edək ki, Yusif Nəbiyev cari ilin fevral ayında "Səbail"in baş məşqçisi Adil Şükürovla yaşadığı insidentdən sonra komandanı tərk etmişdi.