Avropa basketbolunun bir nömrəli turniri sayılan Avroliqanın yeni mövsümü ilə bağlı əsas detallar bəlli olub. Sport24.az xəbər verir ki, gələn mövsüm üçün 18 komandanın hamısı dəqiqləşib.

Maraqlıdı ki, ötən mövsümkü heyətdə dəyişiklik olmayıb. Yəni 2022/23-də çıxış edən bütün komandalar 2023/24-də də çıxış edəcək. İspaniyanın 4, Yunanistan, Türkiyə, İtaliya, Fransa, Serbiya, Almaniyanın 2, İsrail və Litvanın isə 1 komandası turnirdə iştirak edəcək.

Rusiya kollektivləri məlum səbəb üzündən yenə də Avroliqaya buraxılmayıb. Əsas yenilik isə ondan ibarətdi ki, bu turnirdə artıq pley-offa vəsiqə üçün pley-inn (ayrıca mini turnir) keçiriləcək. Bu məlumat turnirin rəsmi saytında yerləşdirilib. Müntəzəm mövsümü 7-10-cu pillədə bitirənlər pley-off üçün qalan son 2 vəsiqə uğrunda mübarizə aparacaqlar.

Yeni formata əsasən 7-8-ci pilləni tutanlar öz aralarında bir əlavə oyun keçirəcəklər və qalib gələn tərəf 7-ci pillənin sahibi kimi pley-offa çıxacaq. Məğlub olan tərəf isə 9-10-cu pillələrin qalibi ilə qarşılaşacaq. Bu duelin də qalibi 8-ci pillənin sahibi kimi pley-offa adlayacaq. Yəni 7-8-ci pilləni tutanlar 9-10-cu pilləni tutanlarla müqayisədə bir balaca üstün olacaq. Çünki 7-8-ci pillədəkilər pley-offa çıxmaq üçün 1, 9-10-cu pillədəkilər isə 2 oyun keçirməli olacaqlar.