"Quba"nın amerikalı basketbolçusu Simeon Körkland klubun mətbuat xidmətinə müsahibə verib. Sport24.az xəbər verir ki, ABL-in ilk turunun "Şəki" ilə görüşündə 21 xal 10 ribaundla oynayan basketbolçu ikinci turdakı "Gəncə" ilə oyundan gözləntilərini də açıqlayıb.

 

-"Quba" ilk görüşdə "Şəki"yə uduzdu. İlk görüşü necə qiymətləndirirsiniz? Sizcə komanda niyə məğlub oldu?

-Düşünürəm ki, biz bu oyunda yaxşı oynadıq. Əlbəttə ki, növbəti oyunumuzda daha yaxşı olmaq üçün üzərimizdə işləməli, dəyişməli olduğumuz bəzi şeylər var.

 

-Bu görüşdə "Quba"dan ən çox xal toplayan basketbolçu oldunuz. Performansınızdan razı qaldınız?

-Oyundan sonra razı deyildim. Çünki biz uduzmuşduq. Yaxşı oyun keçirmək və qalib gəlmək istəyirəm. Ən çox xal topladım, amma uduzduq.

 

-Azərbaycan çempionatının səviyyəsi və ab-havası necədir? Liqanı bəyənirsiniz?

-Mən Azərbaycan Basketbol Liqasını və onun azarkeşlərini sevirəm. Oyun çox yüksək səviyyədə idi.

 

-Komandanızın növbəti oyunu "Gəncə"yə qarşı olacaq. Bu oyunda qalib gəlmək mümkündür?

-Bəli, əlbəttə ki, mümkündür. İnanıram ki, biz "Gəncə"yə qalib gələcəyik.

-Azərbaycanda çoxlu amerikalı basketbolçu var. Onlardan hansı ilə münasibətiniz var?

-Mən bu liqada ABŞ-nin müxtəlif ştatlarından bir çox oyunçuya qarşı oynamışam. Lakin onların çoxunu şəxsən tanımıram. Sadəcə şadam ki, liqada ABŞ-dən oyunçular çıxış edir.

 

-Azərbaycan Basketbol Liqasına tramplin kimi baxırsınız? Siz ABL-nin ulduzu ola bilərsinizmi?

-İnanıram ki, bu, karyeramda mənim üçün bir addımdır. Mən sadəcə komanda üçün ən yaxşısı olmaq və qalib gəlmək istəyirəm. ABL-nin ulduzu olmaq bununla reallaşacaqsa, yaxşıdır. Amma bu mənim əsas məqsədim deyil.