"Real"ın "Atletiko" ilə derbi matçından sonra hakim qərarlarına etiraz etməsi La Liqa prezidenti Xavyer Tebasın da reaksiyasına səbəb olub. Sport24.az xəbər verir ki, Tebas "X" hesabında "Real"ın hakimliklə bağlı narazılıqlarını şərh edib.
La Liqa prezidenti bildirib ki, Madrid klubunun hakim təyinatları ilə bağlı tələbləri qəbuledilməzdir:
"Problem Neqreyrada deyilsə, hakimdədir, o da deyilsə, beynəlxalq hakim olmamasındadır. Bütün klubların oyunlarını həm beynəlxalq, həm də qeyri-beynəlxalq hakimlər idarə edə bilər. Heç kimin hakim təyinatı tələb etmək hüququ yoxdur".
Tebas həmçinin "Real"ın La Liqa üçün böyük əhəmiyyət daşıdığını qeyd etsə də, klubun digər komandalara qarşı hörmətsiz mövqe sərgilədiyini bildirib:
"Real" La Liqa üçün son dərəcə vacibdir. Lakin "Real" olmadan "La Liqa dəyərsizdir" demək digər klublara, azarkeşlərə və onların tarixinə hörmətsizlikdir. Bu rəqabət heç kimə məxsus deyil".
La Liqa rəhbəri "Real"ın hakimlərin komandanın əleyhinə qərəzli qərarlar verdiyi ilə bağlı iddialarını da tənqid edib. O, bu fikirlərin mövsümün əvvəlində komandanın meydanda yaşadığı problemləri ört-basdır etmək üçün istifadə edildiyini bildirib.
Qeyd edək ki, "Atletiko" La Liqanın son turunda doğma meydanda "Real"ı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada hakim Ortiz Ariasın qərarları xüsusilə Madrid klubunun narazılığına səbəb olub.