Tom Breydi "Çelsi" klubunun həmmülkiyyətçilərindən biri ola bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, 49 yaşlı amerikalı London klubunda kiçik pay almaq üçün danışıqlar aparır.
Bu ayın əvvəlində Breydi üç il ərzində həmmülkiyyətçisi olduğu "Birmingem" klubundakı payını satıb. Bu addımın onun "Çelsi"yə sərmayə qoymaq niyyəti ilə əlaqəli olduğu güman edilir. London klubu sözügedən danışıqlarla bağlı xəbərləri şərh etməkdən imtina edib.
Breydinin Behdad Eqbali ilə yaxşı münasibətləri var. Eqbalinin təsisçisi olduğu "Clearlake Capital" investisiya şirkəti, sentyabr ayında Todd Boli və Mark Valterin öz paylarını satmasından sonra "Çelsi"nin səhmlərinin 86,5 faizinə sahib olub.
Qeyd edək ki, Breydi ötən ilin yayında Nyu-Cersidə keçirilən Klublararası Dünya Çempionatının finalında "Çelsi"nin qonağı olub. O, London təmsilçisinin PSJ üzərində 3:0 hesablı qələbəsindən sonra futbolçulara qoşularaq kubokun qazanılmasını qeyd edib.