Dmitri Kramarenko Moskva MOİK-indən dəvət alıb və hazırda bu klubun düşərgəsindədi. Milli komandamızın qapıçılarla işləyən məşqçisi ordu klubunda həmin vəzifədə çalışmaq təklifi alıb. 47 yaşlı mütəxəssis Sport24.az-a açıqlamasında bu məlumatı təsdiqləyib: "Hazırda Moskvadayam. Hələ müqavilə imzalamamışıq. AFFA ilə MOİK rəhbərliyi arasında aparılan danışıqların nəticələrini gözləyirəm". 

Kramarenko millini tərk edir, yoxsa iki postu birləşdirmək mümkündü? Təcrübəli mütəxəssisin buna hələ birmənalı cavabı yoxdur: “Təklifi aldıqdan dərhal sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla əlaqə saxladım. Əlbəttə ki, Rusiyanın məşhur klubunda Azərbaycandan bir mütəxəssisin olması ölkə üçün çox prestijlidir. Hələ deyə bilmərəm ki, hansı qərar veriləcək. Ola bilər ki, iki işi birləşdirdik. Bir az da gözləməliyik. Fikrimcə, artıq gələn həftəyə yekun qərar veriləcək".