Gəncə ilk dəfə genişmiqyaslı voleybol festivalına ev sahibliyi edib. Şəhərdə idmanın bu növünə marağı artırmaq məqsədi daşıyan tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və yerli "Gəncə" klubunun birgə təşkilatçılığı, həmçinin "AzerGold" QSC-nin dəstəyi ilə baş tutub. Sport24.az xəbər verir ki, zəngin proqramı ilə diqqət çəkən festival çərçivəsində peşəkar idmançılar tərəfindən ustad dərsləri və yoldaşlıq görüşü təşkil olunub.
Tədbir çərçivəsində 10–14 yaş qrupundakı uşaqlar arasında mini voleybol turniri keçirilib, yeniyetmələrin bacarıqlarını göstərmələri üçün müxtəlif yarışlar və interaktiv əyləncə zonaları yaradılıb.
Bayram əhval-ruhiyyəli tədbirdə "Gəncə" voleybol komandasının 2026/2027-ci illər mövsümü üçün formalaşdırılan yeni heyətinin rəsmi təqdimatı olub. Yerli azarkeşlər qarşıdakı mövsümdə şərəfini qoruyacaq voleybolçuları yaxından tanımaq imkanı əldə ediblər.