Qadın voleybolçular arasında 2022-ci ilin ilk görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan görüşlərdə “quru hesablı” qələbələr qeydə alınıb.

Günə “Azərreyl” və “Murov” arasındakı matçla start verilib. 3-cü tur çərçivəsində təşkil olunan görüşün ilk seti gərgin mübarizə şəraitində keçib. Daha təcrübəlilərin yer aldığı “dəmiryolçular” hissəni 2 top fərqi ilə hesabına yazıb. Famil Ağayevin komandası ikinci setdə asan qələbəyə sevinib. Üçüncü hissə bərabər səviyyədə keçsə də, “Azərreyl” matçın hesabını müəyyənləşdirib – 3:0.

Ardınca UNEC və “Abşeron” üz-üzə gəlib. İlk seti 25:19 hesabı ilə xeyrinə bitirən Eldar Yusubovun yetirmələri ikinci hissəni 13 top fərqi ilə qazanıb. “Abşeron” üçüncü setdə də 25:18 hesabı ilə qalib gələrək, rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu oyunlardan sonra 6 xalla “Abşeron” turnir cədvəlinə başçılıq edir. Onlardan fərqli, bir qarşılaşma keçirən “Azərreyl” 3 xalla ikincidir. Startda “dəmiryolçular”a uduzan UNEC-in xalı yoxdur. 2 oyunda nə set, nə xal qazanmayan “Murov” isə turnir cədvəlində sonuncudur. 

Super Liqa
3-cü tur

18 yanvar

“Azərreyl” – “Murov” 3:0 (25:23, 25:13, 27:25)
UNEC – “Abşeron” 0:3 (19:25, 12:25, 18:25)