Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı" düşərgəsini təşkil edib. Sport24.az xəbər verir ki, düşərgə iyunun 24-də Bakıda start götürüb.
Bura 2008-2013-cü il təvəllüdlü qızlar cəlb olunublar. İyulun 13-nə kimi davam edəcək düşərgədə daha əvvəlki düşərgələrdə fərqlənən 50-ə yaxın voleybolçu qız iştirak edir.
Proqrama əsasən, 2008-2009-cu il təvəllüdlü 20 nəfər, 2010-2012-ci il təvəllüdlü 30 nəfər qruplar formasında gündə iki dəfə olmaqla AVF-nin idman zalında məşq keçirlər. Həm fiziki, həm də texniki məşqlərlə yanaşı, uşaqlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir. Düşərgənin rəhbəri yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmaya FİVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil Şurasının rəhbəri, "Azərreyl"in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların köməkçi məşqçisi Hamid Anvari, həmçinin RVK-ların məşqçiləri kömək edirlər.
Qeyd edək ki, ötən ilin avqustundan start verilən "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı" düşərgələri mütəmadi təşkil olunur. Bu düşərgələrin keçirilməsində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.