"Vüqar Həşimov Memorialı-2022" superturniri çərçivəsində media nümayəndələri arasında keçirilən şahmat yarışının mükafatçıları bəlli olub. Sport24.az turnirin mətbuat xidmətinə istinadə xəbər verir ki, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.

Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt verilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 6,5 xal toplayan Sport24.az saytının baş redaktoru Ceyhun Əliyev birinci olub. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Ramiz Quliyev 6 xalla yarışı ikinci, Milli.az saytının redaktoru Zaur Həsənəliyev isə 5,5 xalla üçüncü pillədə başa vurublar. ​ ​ ​ ​ ​ ​ ​

Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub.