Bu gün Misli Premyer Liqasının 34-cü turunda "Qarabağ" "Araz Naxşıvan"ı 2:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, oyundan sonra "Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun barədə çox danışa bilməyəcəm. Çox zəif oynadıq. "Qarabağ" bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşıb, düzgün istiqamət verib, iki oyunu düşünməliyik.

 

- Ramon Maçadonu əvəzləməyiniz nə ilə əlaqədardır?

- Maçado da bu oyun ən zəif oyunu göstərdi. Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Rəqib bizdən üstün idi.

 

- "Şamaxı" ilə oyunda üçüncü yeri rəsmiləşdirə biləcək?

- Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, komanda olaraq toparlanıb, istəyimizə çataq.

 

- Qələbəyə sizin daha çox ehtiyacınız var idi. Amma rəqib daha çox istəkli görünürdü. Səbəb nə idi?

- Belə olur. Səbəbi axtarsaq, dərinə gedəcəyik. Hər şey təsir edə bilər. Bir az rahatçılıq var idi. Onu da gizlətmək mümkün deyil. Dünənki oyunun nəticəsi də futbolçulara təsir etmişdi. Bu oyun bir silkələnmə olacaq və müsbət təsir edəcək.

 

- "Araz-Naxçıvan" növbəti mövsüm ev oyunlarını Naxçıvanda keçirə biləcək?

- Bilmirəm.