Premyer Liqanın 34-cü turu çərçivəsibdə dünən səfərdə "Kəpəz"ə məğlub olan "Sumqayıt"ın düşərgəsində ab-hava pozulub. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi komandanın 9-cü pilləyə yuvarlanmasını həzm edə bilmir.

 

Rəsmilər dünən baş tutan görüşdən sonra təşkil olunan mətbuat konfransında komandanın baş məşqçisi Vaqif Cavadovun istefa verəcəyini gözləsə də, 35 yaşlı mütəxəssis əksinə gedərək dolayısı da olsa, rəhbərlikdən daha bir il şans verilməsini istədi: "Rəhbərlik hansı qərarı qəbul etsə, dəstəkləyəcəm. Növbəti mövsümdə burada qalsam, mənim işim barədə nəsə deyə bilərsiniz".

 

Cavadovun postunda qalıb-qalmayacağı demək olar məlumdur. Komandanın uğursuz çıxşına görə, klubun başbilənləri onunla əməkdaşlıqda maraqlı deyil. Sadəcə, indi hamını bir sual düşündürür: Cavadov öz istəyi ilə "kimyaçılar"dan ayrılacaq, yoxsa istefaya göndəriləcək?

 

Bu sualın cavabına isə sabah, daha dəqiq desək, rəhbərliklə görüşdən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, Cavadovun "Sumqayıt"la hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.