Misli Premyer Liqasının 34-cü turu çərçivəsində "Zirə"yə minimal hesabla (0:1) məğlub olan "Səbail"in elitanı tərk edəcəyi rəsmiləşdi. Sport24.az xəbər verir ki, "dənizçilər" 2025/26 "futbol ili"ndə I Liqada mübarizə aparacaq.

 

Bəzilərinin fikrincə, aşağı dəstəyə yuvarlanan "dənizçilər" nəinki I Liqada çıxış ecəcək, hətta ümumiyyətlə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıracaq. 

 

Ancaq heç də hər şey söylənilən kimi deyil ki, bununla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

 

Məlumatlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən, paytaxt təmsilçisi I Liqanın qalibi kimi yenidən elitaya dönməyi planlaşdırır. Artıq bu yöndə klub rəhbərliyi tərəfindən müəyyən işlərə start verilib. 

Bu yerdə ortaya sual çıxa bilər ki, pul olmadan "Səbail" rəsmiləri nə planlar cıza bilər?

 

Mənbəmizin sözlərinə görə, "dənizçilər" yaxın vaxtlarda yeni sponsoruna qovuşacaq. Gənclər və İdman Nazirliyinə yaxın şirkətlərdən biri klubu himayəyə götürməyə qərar verib. Yeni himayədarın da əsas hədəfi isə "Səbail"i Premyer Liqaya qaytarmaqdır.