Dünya Şahmat Tacı uğrunda turnirdə mübarizə davam edir. Sport24.az xəbər verir li, Qazaxıstanın paytaxtı Astanada təşkil olunan seriyanın 8-ci görüşündə nəhayət ki, heç-heçə qeydə alınıb.

Yan Nepomnyaşi ilə Dinq Liren arasında keçirilən son 4 partiyada şahmatçılar hərəyə 2 dəfə qələbə qazandığından hesab arasında dəyişiklilklər olurdu.

Hərçənd, budəfəki görüşdə də “sülh” qeydə alınmaya bilərdi. Amma ağ fiqurlarla oynayan çinli qrossmeyster rusiyalı rəqibinin 40 gediş ərzində 5 dəfə kobud səhv etməsindən yararlana bilməyib. Hər dəfə Yanın səhvindən sonra Dinq üstünlüyü ələ alırdısa, sonradan Asiya təmsilçisi eyni səhvlərə yol verməklə qələbə imkankarını əldən verirdi

Nəticədə 42-ci gedişdə Nepomnyaşinin vəzirləri dəyişmək təklifini qəbul edən Liren 3 gediş sonra heç-heçənin qaçılmaz olduğunu anlayaraq rusiyalı ilə “sülh”ə razılaşıb. Beləliklə, 8 partiyadan sonra Nepomnyaşi Lirenlə seriyada üstünlüyünü qoruyub – 4,5:3:5.

Görüşdən sonra rusiyalı qrossmeyster məğlubiyyətdən yaxa qurtardığına görə bəxtinin gətirdiyini söyləyib. Liren isə 2 dəfə aşkar qələbə qazanmaq şansını boşa verdiyinə görə təəssüfləndiyini bildirib. Sabah şahmatçılar seriyanın 9-cu oyununda üz-üzə gələcək.